BAKI, 29 noyabr. TELEQRAF
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2025-ci ildə ilk dəfə ABŞ Prezidenti Donald Trampa təqdim edilən sülh mükafatının gələcək taleyini müzakirə edir. Qurum mükafatın ləğv edilməsi və ya adının dəyişdirilməsi variantlarını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” nəşri FIFA-nın üç yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, FIFA bu yaxınlarda xüsusi komitəyə mükafatın yaradılması zərurətini, təsis edilmə səbəblərini və gələcəkdə fəaliyyətini davam etdirməsinin nə dərəcədə məqsədəuyğun olduğunu araşdırmağı tapşırıb.
Qəzetin iki mənbəsi mükafatın konsepsiyasına yenidən baxılması təşəbbüsünü FIFA prezidenti Canni İnfantinonun Donald Trampla yaxın münasibətlərinə dair narahatlıqların artması və növbəti laureatların müəyyənləşdirilməsi ilə bağlı qeyri-müəyyənliklə əlaqələndirib.
Qeyd edək ki, FIFA sülh mükafatının təsis olunduğunu 2025-ci il noyabrın 5-də açıqlayıb. Mükafatın hər il sülh naminə insanları birləşdirmək istiqamətində xüsusi xidmətləri olan şəxslərə təqdim edilməsi nəzərdə tutulub.
Mükafatın ilk sahibi ABŞ Prezidenti Donald Tramp olub. O, mükafata 2025-ci il dekabrın 5-də 2026-cı il dünya çempionatının püşkatma mərasimi çərçivəsində layiq görülüb.