BAKI, 29 noyabr. TELEQRAF
Hindistanın “Akasa Air” aviaşirkəti Səudiyyə Ərəbistanının Ər-Riyad və Ciddə şəhərlərinə uçuşların dayandırılması müddətini 2027-ci ilin yanvarınadək uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə aviaşirkət sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, Ər-Riyad istiqamətində uçuşlar 2027-ci il yanvarın 31-dək, Ciddə istiqamətində isə yanvarın 10-dək həyata keçirilməyəcək.
Aviaşirkətin açıqlamasında qərarın sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edildiyi vurğulanıb. Qeyd olunub ki, sərnişinlərin əvvəlcədən məlumatlandırılması onlara səfərlərini planlaşdırmaq, biletləri dəyişdirmək və ya ödənişin geri qaytarılmasını tələb etmək imkanı verir.
Xatırladaq ki, “Akasa Air” daha əvvəl Səudiyyə Ərəbistanında mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar hər iki istiqamət üzrə uçuşları 2026-cı il noyabrın 30-dək dayandırdığını açıqlamışdı.