BAKI, 31 oktyabr. TELEQRAF
“Ermənistan müxalifəti gözlənildiyi kimi, konstitusiya referendumunun keçirilməsini dəstəkləməkdən imtina edib. Bu halda olduqca maraqlı vəziyyət yaranır: müxalifət yeni konstitusiyaya qarşı çıxmağa hazır olsa da, nədənsə vətəndaşlara bu məsələ ilə bağlı qərarı özlərinin verməsi imkanı yaratmaq istəmir”.
Teleqraf xəbər verir ki, bunu gürcü politoloq Gela Vasadze deyib.
Ekspert vurğulayıb ki, bu səbəbdən Baş nazir Nikol Paşinyan birbaşa cəmiyyətə müraciət etməli və Ermənistanda ölkənin gələcəyini tarixi xülyalara qurban verməyə hazır olanlardan daha sağlam düşüncəli insanların yaşadığına onu inandırmalıdır:
“Üstəlik, söhbət heç də Azərbaycana güzəştdən getmir. Əlbəttə, yekun sülh sazişi olmadan Bakı əlavə imkanlar itirir, Ermənistan isə daha böyük itkilərlə üzləşmək riski daşıyır: sərhədlərin açılması, yeni kommunikasiya xətlərinin yaradılması, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması yolu ilə öz təhlükəsizliyini möhkəmləndirmək imkanı. Əlbəttə, sənədlərin imzalanmasından sonra avtomatik olaraq sülh yaranmır. Amma köhnə ərazi iddialarını sonsuzadək təkrarlamaqla da sülhə nail olmaq mümkün deyil”.
Vasadze Gürcüstanda baş verənlər barədə isə qeyd edib ki, hakimiyyət yenidən ABŞ ilə strateji tərəfdaşlığın bərpasından danışmağa başlayıb:
“Hakimiyyət bu fonda beş müxalifət partiyasının qadağan edilməsinə də çalışır. Görəsən, liderlərimizə kim izah edəcək ki, bu iki proses bir-biri ilə çətin uzlaşır. Üstəlik, Ağ Evdə kimin olmasının heç bir əhəmiyyəti yoxdur: Tramp, yoxsa başqa biri; respublikaçılar, yoxsa demokratlar. Əlbəttə, amerikalılar ən müxtəlif rejimlərlə əməkdaşlıq etməyi bacarırlar. Ancaq siyasi rəqabəti məhv etməklə eyni anda əvvəlki münasibətləri bərpa edəcəyinə ümid etmək də qəribədir.
Beləliklə, Ermənistan öz gələcəyini müəyyənləşdirməyə çalışır, Azərbaycan isə yeni regional arxitektura qurur. Gürcüstan hakimiyyəti isə həm Vaşinqtonla dostluq etmək, həm də siyasi rəqiblərini qadağan etmək istəyir. Amma siyasi məntiq və siyasi istəklər heç də həmişə üst-üstə düşmür”.