BAKI, 31 oktyabr. TELEQRAF

Polşanın ədliyyə naziri və Baş prokuroru Valdemar Jurek Konstitusiya Məhkəməsi ətrafındakı vəziyyətin sabitləşdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, TVN24 telekanalının efirində danışıb.

“Prokurorluq və polis sınaqdan uğurla keçdi, vəziyyətin daha da gərginləşməsinə imkan vermədilər. Konstitusiya Məhkəməsinin binasına hücum edən şəxslər oradan çıxarıldı və ya özləri oranı tərk etdilər. Bu baxımdan vəziyyət sabitləşir”, - nazir deyib.

Jurek hakimlərin qərarlarını inandırıcı hesab etdiyini də qeyd edib. Onun sözlərinə görə, qanuni şəkildə seçilmiş hakimlərin fəaliyyətə başlamasına nail olmaq üçün hüquqi üsullardan istifadə etmək lazım idi:

“İstərdim ki, ümumi iclas keçirilsin. Həmin iclas büdcə məsələlərini, eləcə də, ola bilsin, toxunulmazlıq məsələlərini həll etməlidir”.

Polşa Baş nazir Donald Tuskun öz hökumətində keçmiş nazir olmuş Maçey Berekini Konstitusiya Məhkəməsinin hakimi təyin etmək qərarından sonra gərginlik yaranıb. Nəticədə son həftələrdə bu qurumun binası qarşısında mütəmadi etiraz aksiyaları keçirilir.

Oktyabrın 31-nə keçən gecə vəziyyət daha da gərginləşib. Binanın mühafizəsinə əlavə qüvvələr cəlb olunub. Etirazçılar məhkəmənin qarşısına toplaşaraq hasarı aşmağa cəhd ediblər. Kütlə ilə polis əməkdaşları arasında toqquşmalar baş verib.