BAKI, 29 oktyabr. TELEQRAF

Braziliyada prezident seçkilərində məğlub olduqdan sonra ABŞ-yə qaçan senator Flaviu Bolsonaru özünü ölkənin “seçilmiş prezidenti” elan etsə də, təxminən bir saat sonra fikrini dəyişib.

Teleqraf xəbər verir ki, keçmiş prezident Jair Bolsonarunun oğlu “X” sosial şəbəkəsində Braziliya xalqına və beynəlxalq ictimaiyyətə ünvanladığı açıq məktubun ilkin variantını silib.

O, yeni paylaşımında özünü artıq “seçilmiş prezident” deyil, Braziliyanın “lideri” adlandırıb.

“Braziliya xalqına və beynəlxalq ictimaiyyətə ölkənin lideri kimi müraciət edirəm”, – siyasətçi məktubunda bildirib.

Bolsonaru məktubda istifadə etdiyi dövlət gerbini də dəyişib. İlkin paylaşımda Braziliyanın 1889–1967-ci illərdə istifadə olunan gerbi yer alsa da, yeni versiyada müasir dövlət gerbindən istifadə edilib.

Siyasətçinin bu dəyişiklikləri hansı səbəbdən etdiyi məlum deyil.

Xatırladaq ki, oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turunda Luis İnasiu Lula da Silva Flaviu Bolsonaruya qalib gələrək dördüncü müddətə prezident seçilib.

Bolsonarunun namizəd olduğu Liberal Partiya və əsas siyasi müttəfiqləri seçkilərdə məğlubiyyəti qəbul ediblər.

Senator isə seçkilərdən bir gün sonra Braziliyanı tərk edib. Daha əvvəl məhkəmə ona qarşı çirkli pulların yuyulması da daxil olmaqla, iqtisadi cinayətlərlə bağlı ittihamlar irəli sürüb.