BAKI, 16 oktyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.

Teleqraf xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən dövlət başçısı iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, xalqlarımızın qardaşlıq əlaqələrinin olduğunu bildirib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən böyük şərəf hissi duyduğunu deyib. Səfir ölkələrimizin strateji tərəfdaş, xalqlarımızın isə bir-birinə yaxın olduqlarını vurğulayıb.

O, fəaliyyəti dövründə Azərbaycanla Gürcüstan arasında tarixən mövcud əməkdaşlığı daha da genişləndirilmək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı siyasi əlaqələrimizin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkələrimizin enerji və nəqliyyat sahələrində həyata keçirdikləri birgə layihələrə toxunulub, onların yalnız regional deyil, eyni zamanda, qlobal səviyyədə mühüm əhəmiyyət daşıdıqları vurğulanıb.