BAKI, 16 oktyabr. TELEQRAF
“Elə məsələlər var ki, indi həyata keçirilə bilər. Bu baxımdan elektrik şəbəkələrinin bir-birinə qoşulması ən asan reallaşdırıla bilən addımdır və artıq bu istiqamətdə işlər aparılır”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı suala cavab verərkən deyib.
“Düşünürəm ki, ilkin nəticələri çox yaxın gələcəkdə görə bilərik. Çünki bu məsələdə yenidən nəsə böyük quruculuq işləri aparmağa ehtiyac yoxdur. Elə məsələlər var ki, böyük əmək tələb edir, elə məsələlər də var ki, asanlıqla həll etmək mümkündür, elektrik enerjisi məsələsi bunlardan biridir”, - o bildirib.
Mirzoyan bundan əvvəl səsləndirdiyi “bir gün yuxudan oyanıb Ermənistan-Türkiyə sərhədinin açıldığını görə bilərik” fikrini izah edərkən vurğulayıb:
“Mən demişəm ki, bir gün yuxudan oyanıb sərhədin açıldığını görə bilərik. Yəni proses o qədər yetkinləşib ki, bu, mümkündür. Mənə elə gəlir ki, kifayət qədər aydın fikir söyləmişəm, amma sonra bu başlıqları oxudum: “Mirzoyan: Sabah Ermənistan-Türkiyə sərhədi açılacaq”. Bu, çox təəccüblüdür. Mən demişəm ki, bunun baş verməsi istisna deyil.
Ermənistan-Türkiyə dialoqu o qədər intensivdir ki, artıq diplomatik kanallar, müxtəlif iqtisadi-ticari məsələlər üzrə də irəliləyişdən danışa bilərik. Bu proses o qədər yetkinləşib ki, həqiqətən də, şərti olaraq sabah yuxudan oyanıb hər iki tərəfin “bəsdir, bu gün sərhədi açırıq” dediyini görə bilərik. Baxın, münasibətlərə nə qədər etimadsızlıqla başlamışdıq və indi nə boyda əməkdaşlıq var, nə qədər məsələlərdə irəliləyiş əldə olunub.
Dialoqumuz və münasibətlərin normallaşdırılması prosesi kifayət qədər yetkin mərhələyə çatıb. İstənilən növbəti anda qərar qəbul etmək mərhələsinə gələ bilərik və həm onlar, həm də biz Ermənistan-Türkiyə sərhədini aça bilərik”.
Xarici işlər nazirinin Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan-Azərbaycan sülh prosesi ilə paralel gedib-getmədiyi barədə suala cavabı belə olub:
“Türkiyədə də bildirilib ki, bu iki proses paralel getməlidir. Məsələ ondadır ki, hazırda Azərbaycanla sülh şəraitindəyik, Azərbaycanla ticarət edirik. Yəni həyat davam edir. Bu gün bir şey deyirik, sabah isə elə bir hadisə baş verə bilər ki, bu, bizdə daha çox əminlik yaratsın.
Regionumuz sürətlə və köklü şəkildə dəyişir, özü də müsbət istiqamətdə - iqtisadiyyat, infrastruktur, etimad və psixoloji aspektlər baxımından. Gəlin, prosesin bugünkü vəziyyətini bu günün reallıqları çərçivəsində qiymətləndirək. Sabah vəziyyət daha müsbət də ola bilər, daha mənfi də. Çünki ətrafımızda nələrin baş verdiyini özünüz də görürsünüz”.