BAKI, 8 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 20 milyard dollara çatdırılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının Türkmənistanda keçirilən görüşündə bildirib.

Tokayev bugünkü görüşün Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin 35-ci ildönümünə təsadüf etdiyini xüsusi simvolik əhəmiyyətə malik olduğunu deyib.

“İllər ərzində biz uzun və konstruktiv, eyni zamanda məhsuldar yolu qət etmişik. Suverenliyimizi möhkəmləndirdik və özünəməxsus inkişaf modelini formalaşdırdıq. Beynəlxalq birlikdə layiqli yer tutduq. Bu gün Mərkəzi Asiya və Azərbaycan Avrasiyada artan geosiyasi inteqrasiyanın mərkəzi hesab olunur. Ən əsası, qardaş xalqlarımızın müdrikliyi və həmrəyliyi sayəsində sülhün və harmoniyanın bərqərar olduğu cəmiyyətlərdə yaşayırıq. Birlik, qarşılıqlı dəstək və etimad dövrümüzün çətinliklərinin öhdəsindən gəlmək üçün ortaq strateji dayağımıza çevrilib. Bu proseslər geosiyasi gərginliyin və bölünmələrin artdığı və beynəlxalq münasibətlərin strukturunun dəyişdiyi bir dövrdə çox aktualdır”.

Qazaxıstan lideri Məşvərət Görüşünün iştirakçılarına regionda inteqrasiyanın əsas məsələləri ilə bağlı Astananın mövqeyini çatdırıb:

“Birgə səylər sayəsində ticari-iqtisadi əməkdaşlığımızın məzmunu ilbəil genişlənir. Birgə müəssisələrin sayı artıb, işgüzar əlaqələr möhkəmlənib. Sənaye, maşınqayırma, energetika və kənd təsərrüfatı kimi sahələrdə irimiqyaslı layihələr həyata keçirilir. Ticarət maneələri tədricən aradan qaldırılır və yeni sərhəd-keçid məntəqələri açılır. Avtomobil və dəmir yolu əlaqələri genişlənir. Amma fikrimizcə, daxili bazarın potensialı hələ də böyükdür. Keçən il regiondaxili ticarətin həcmi təxminən 13 milyard dollar təşkil edib. Bu, ölkələrimizin ümumi ticarət dövriyyəsinin təxminən 8 faizini təşkil edir. Buna görə də, hökumətlərimizə qarşılıqlı ticarətin payını artırmaq və bu rəqəmi ən azı 20 milyard dollara çatdırmaq üçün birgə fəaliyyət planı hazırlamaq və qəbul etmək tapşırığı vermək məqsədəuyğundur”.