BAKI, 8 oktyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrinə və Azərbaycana vahid turist vizasının tətbiqini təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının Türkmənistanda keçirilən görüşündə bildirib.

Prezident bildirib ki, altı ölkə bir-birini tamamlayan turizm potensialına malikdir, tarixi şəhərlər, dağ və Xəzəryanı marşrutlar, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanı səyahət üçün cəlbedici istiqamət kimi tanıtmaq məqsədilə səyləri birləşdirməyə imkan verir.

“Bir neçə ölkəyə bir səyahət” prinsipi əsasında əməkdaşlığın inkişaf etdirilməsini, görməli yerlərimizi birgə turizm marşrutları vasitəsilə birləşdirməyi təklif edirik. Qırğızıstanın vahid turist vizasının tətbiqi təşəbbüsünün bundan sonra da dəstəklənəcəyinə ümid edirəm. Xarici siyasət qurumlarımıza onun həyata keçirilməsi üzrə konkret mexanizmlərin hazırlanmasını tapşırmağı təklif edirəm”, - Sadır Japarov vurğulayıb.