BAKI, 7 oktyabr. TELEQRAF
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya qarşı müharibədə Moskvanı dəstəkləməyə davam edəcəyinə söz verib.
Teleqraf xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət informasiya agentliyi məlumat yayıb.
Kim Çen In Pxenyanın Şimali Koreya ilə Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığı genişləndirməyə davam edəcəyini bildirib. O, Rusiyanın suverenliyini, təhlükəsizlik maraqlarını və ərazi bütövlüyünü qorumaq üçün apardığı “ədalətli və müqəddəs müharibə”nin qələbə ilə başa çatacağına əminliyini də ifadə edib.
Ukrayna və Cənubi Koreya kəşfiyyatlarının hesablamalarına görə, 2024-cü ildən bəri Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləmək üçün 15 minə qədər hərbi qulluqçu göndərib. Şimali Koreya ilə Rusiya arasındakı əlaqələr Putin və Kim Çen In 2024-cü ilin iyun ayında qarşılıqlı müdafiə müqaviləsi imzaladıqdan sonra xeyli güclənib.