BAKI, 6 oktyabr. TELEQRAF

Xəzər dənizində hərbi təlimlər zamanı hərbçilərin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı Kanat Niyazbekov saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, xidməti səhlənkarlığa görə 1-ci dərəcəli kapitan K.Niyazbekov saxlanılaraq təcridxanaya yerləşdirilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 24-də qəfil pisləşən hava şəraiti səbəbindən təlimlərdə iştirak edən 17 qazaxıstanlı hərbçi açıq dənizə sürüklənmişdi. Onlardan 3-ü xilas edilib, 14-ü isə həlak olub. Faktla bağlı komanda heyətinin səhlənkarlığı üzrə istintaq aparılır, ümumilikdə 5 nəfər həbs edilib.