BAKI, 6 oktyabr. TELEQRAF
Qazaxıstan yanacaq-enerji kompleksinin rəqəmsallaşdırılması yolu ilə enerji resursları istehlakını 90 faizə qədər azaltmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov hökumətin iclasında bildirib.
Nazir qeyd edib ki, “Rəqəmsal Qazaxıstan” strategiyası çərçivəsində qurum yanacaq-enerji kompleksinin rəqəmsallaşdırılması üçün üç istiqamətdə 20 tədbir həyata keçirir:
“Gözlənilən nəticə obyektlərdə qəzaların 25 faiz, enerji resursları istehlakının isə 90 faiz azalmasıdır. İqtisadi təsir ildə təxminən 23 milyard təngə təşkil edir”.
Hazırda sənayedə süni intellektin istifadəsinə yönəlmiş 45 layihədən ibarət portfel formalaşdırılıb. Qaz sektorunda süni intellekt qaz istehlakını proqnozlaşdırmaq, neft-qaz sektorunda neft məhsullarının dövriyyəsini təhlil etmək və elektrik enerjisi sənayesində istehsal təhlükəsizliyini artırmaq üçün istifadə olunur.
Nazir vurğulayıb ki, “KazMunayGas” şirkəti “EmbaMunayGas” yatağında rəqəmsal əkiz yaratmaq üçün pilot layihə həyata keçirir. Layihə istehsal müəssisələri üzrə məlumatları birləşdirəcək, onun geniş tətbiqi nəticəsində neft hasilatının əlavə 2,9 milyon ton artırılması gözlənilir.
Astananın enerji obyektlərinin rəqəmsal əkizlərinin yaradılması üzərində də işlər aparılır. Bu, 2,5 faizə qədər yanacaq qənaətinə imkan verəcək.
Nazir əlavə edib ki, ilin sonuna qədər aparıcı süni intellekt həllərinin reyestrinin, rəqəmsal əkizlər üçün hədəf arxitekturalarının və kiberfiziki təhlükəsizlik arxitekturalarının təsdiqlənməsi planlaşdırılır.