BAKI, 2 oktyabr. TELEQRAF

“Türkiyə türk ölkələri arasında media və kommunikasiya sahələrində dezinformasiya, nifrət nitqi və rəqəmsal manipulyasiyaya qarşı mübarizədə daha güclü əməkdaşlığın tərəfdarıdır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Bişkekdə keçirilən “Türk Dünyası Dialoqu: Ortaq Gələcək, Ortaq Vizyon” panel müzakirəsinin iştirakçılarına videomüraciətində deyib.

Türkiyə rəsmisi ölkələr arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə kommunikasiya platformalarının yaradılmasının zəruriliyini bildirib.

Burhanettin Duran süni intellekt və yeni kommunikasiya texnologiyalarına xüsusi diqqət çəkib. O qeyd edib ki, bunlar türk dövlətlərinin birgə yanaşmalar inkişaf etdirməli olduğu sahələrdir.

Duran həmçinin bildirib ki, Türkiyə Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə türk dünyasının institutsional inteqrasiyasını gücləndirmək və beynəlxalq təmsilçiliyini artırmaq üçün işlərini davam etdirmək niyyətindədir.

Panel iştirakçıları ortaq əlifba məsələsini və türk ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsində gənclərin rolunu da müzakirə ediblər.