BAKI, 1 oktyabr. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Macarıstanın Moskvadakı müvəqqəti işlər vəkili Qabor Gergiçə bildirilib ki, cavab tədbiri olaraq səfirliyin, Sankt-Peterburq və Kazandakı baş konsulluqların bir qrup əməkdaşı ölkə ərazisini tərk etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatik nümayəndəliyin rəhbərinə Macarıstan hakimiyyətinin sentyabrın 8-də bir sıra rusiyalı diplomatlardan ölkə ərazisini tərk etmələrini tələb etməsi ilə əlaqədar qəti etiraz bildirilib. Rusiya XİN bu tələbi “əsassız və qeyri-dost addımı” adlandırıb.

“Macarıstan diplomatı məlumatlandırıldı ki, cavab tədbiri olaraq Macarıstanın Moskvadakı səfirliyinin, Sankt-Peterburq və Kazandakı baş konsulluqlarının bir qrup əməkdaşı iki həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir”, - diplomatik qurum vurğulayıb.