BAKI, 17 noyabr. TELEQRAF
“Rusiya Bəsrə körfəzi regionunda münaqişə tərəflərinin yeni zərbələri fonunda gərginliyin növbəti dəfə artmasından təəssüfləndiyini bildirir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bəsrə körfəzi regionunda gərginliyin növbəti dəfə artmasını təəssüflə qarşılayırıq. Son günlər qarşıdurma tərəfləri bir-birinə qarşı yeni zərbələr endirib. İranın Qəşm adasına, eləcə də Bəhreyn ərazisinə zərbələr qeydə alınıb”, - diplomat bildirib.
Zaxarovanın sözlərinə görə, bu cür hücumlar region dövlətlərinin suverenliyinin və təhlükəsizliyinin açıq şəkildə pozulmasıdır. O əlavə edib ki, belə hücumlar insan tələfatına və maddi itkilərə səbəb olur.
“Rusiya hazırkı qarşıdurmanın bütün tərəflərini, ilk növbədə isə onun təşəbbüskarı olan ABŞ-ni hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Dinc sakinlərə qarşı hücumları, istənilən mülki obyektin hədəfə alınmasını, o cümlədən Bəsrə körfəzinin ərəb dövlətlərinin ərazilərinə zərbələr endirilməsini qətiyyən yolverilməz hesab edirik”, - Zaxarova vurğulayıb.
O qeyd edib ki, Rusiya strateji əhəmiyyətə malik bu regionda fikir ayrılıqlarının bütün sahilyanı dövlətlərin maraqları nəzərə alınmaqla, danışıqlar masası arxasında həllinin tərəfdarıdır.