BAKI, 24 avqust. TELEQRAF
ABŞ Dövlət Departamentinin 2026-cı il üzrə müvafiq hesabatına əsasən, Qırğızıstan fiskal şəffaflığın minimum tələblərinə cavab verən 73 ölkə sırasına daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
ABŞ Dövlət Departamenti illik qiymətləndirmə çərçivəsində 139 hökumətin və Fələstin Administrasiyasının fəaliyyətini təhlil edib. Araşdırmada büdcə məlumatlarının əlçatanlığı və tamlığı, dövlət borcu, dövlət müəssisələri, təbii sərvətlərdən əldə olunan gəlirlər və dövlət satınalmaları barədə məlumatların açıqlanması nəzərdən keçirilib.
Qırğızıstan və Qazaxıstan minimum şəffaflıq standartlarına cavab verən ölkələr sırasında yer alıb. Mərkəzi Asiyanın digər ölkələri - Özbəkistan, Tacikistan və Türkmənistan isə bu kateqoriyaya daxil edilməyib.
ABŞ Dövlət Departamenti qeyd edir ki, fiskal şəffaflıq yalnız büdcənin dərc olunması demək deyil. Bura dövlət gəlirləri və xərcləri, dövlət borcu, dövlət müəssisələrinin fəaliyyəti, dövlət satınalmaları və təbii sərvətlərin hasilatı ilə bağlı müqavilələr barədə etibarlı və dolğun məlumatların mövcudluğu da daxildir.
2026-cı il qiymətləndirməsində xarici kreditorlardan alınan dövlət kreditlərinin şərtlərinin açıqlanmasına dair tələblər də sərtləşdirilib. Bura dövlətin öhdəlikləri və girov qoyulan aktivlər barədə məlumatların açıqlanması daxildir.
Hesabat 2025-ci il üzrə maliyyə məlumatlarının təhlili əsasında hazırlanıb.