BAKI, 4 avqust. TELEQRAF
Qırğızıstan prezidentinin mətbuat katibi Əskət Alagözov sosial şəbəkələrdə ölkə ərazisində xarici silahlı qüvvələrin fəaliyyət göstərməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, o, bu cür iddiaların həqiqətə uyğun olmadığını bildirib.
“Heç bir xarici vətəndaş ölkəmizin ərazisində silahla hansısa obyekti mühafizə etmir. Bu, qanunvericiliklə qadağandır. Tam məsuliyyətimlə bəyan edirəm ki, Qırğızıstan ərazisində hansısa xarici dövlətin nə silahlı qüvvələri, nə də digər güc strukturları mövcuddur. Ola da bilməz”, - Qırğızıstan rəsmisi vurğulayıb.
Alagözov əlavə edib ki, mədənlərdə və digər iri birgə layihələrdə təhlükəsizliyi Qırğızıstan milisinin əməkdaşları və özəl mühafizə şirkətləri təmin edirlər. Prezidentin mətbuat katibi qeyd edib ki, xarici hərbçilərlə bağlı videonun müəllifi Aydar Rayev 2024-cü ildən ABŞ vətəndaşıdır:
“Orada oturub uydurmalar yaymaq əvəzinə, heç olmasa burada yaşayan qohumlarından soruşa bilərdi. Göründüyü kimi, Qırğızıstanın inkişafında maraqlı olmayan xarici qüvvələr mövcuddur. Aydar kimi insanlar isə şüurlu və ya şüursuz şəkildə həmin qüvvələrin alətinə çevrilirlər”.
Prezidentin mətbuat katibinin sözlərinə görə, Qırğızıstandakı yeganə xarici hərbi obyekt Kanta şəhərində yerləşən Rusiyanın hərbi obyektidir və o, respublikanın KTMT çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun fəaliyyət göstərir.
Qeyd edək ki, Əskət Alagözovun açıqlaması sosial şəbəkə istifadəçisi Aydar Rayevin yaydığı videoya cavab olaraq verilib. Həmin videoda müəllif Qırğızıstan ərazisində guya bəzi obyektləri mühafizə edən xarici hərbi muzdluların olduğunu iddia deyib.