BAKI, 7 iyun. TELEQRAF
Tayvan Çin gəmilərinin fəaliyyətini izləmək üçün patrul freqatı və sahil mühafizəsinə aid katerlər yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə "Focus Taiwan" portalı məlumat yayıb.
Məlumata görə, Çin Tayvanın şərqində xüsusi hüquq-mühafizə əməliyyatına başlayıb. Pekin bunu Yaponiya və Filippinin Tayvanın şərqində dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlamasına cavab kimi qiymətləndirib.
Çin tərəfi əməliyyatın məqsədinin dəniz nəzarətinin gücləndirilməsi, gəmi hərəkətinin izlənməsi və milli maraqların qorunması olduğunu bildirib.
Qeyd edək ki, Yaponiya və Filippin mayın sonunda Tayvanın şərqində yerləşən dəniz ərazilərinin delimitasiyası üzrə danışıqlara start verdiklərini açıqlamışdılar.