BAKI, 18 may. TELEQRAF

Pakistan Səudiyyə Ərəbistanında döyüş təyyarələri eskadrilyası, təxminən 8 min hərbçi və hava hücumundan müdafiə sistemləri yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Pakistan mənbələrinə istinadla məlumat yayıb.

Hərbi yerləşdirmənin İslamabad və Ər-Riyad arasında təhlükəsizlik sazişi çərçivəsində həyata keçirildiyi bildirilib.

Məlumata görə, İslamabad krallığa Çin və Pakistanın birgə istehsal etdiyi təxminən 16 ədəd JF-17 qırıcı təyyarəsi, 2 eskadrilya pilotsuz təyyarə və Çin istehsalı HQ-9 hava hücumundan müdafiə sistemi göndərib. “Reuters” qeyd edir ki, bütün avadanlıqlara Pakistan ordusu xidmət göstərir və əməliyyat Ər-Riyad tərəfindən maliyyələşdirilir. Qüvvələrin yerləşdirilməsi İranla münaqişə fonunda baş verir və Pakistan həm də Tehran-Vaşinqton danışıqlarında əsas vasitəçi kimi çıxış edir.

2025-ci ilin sentyabr ayında Pakistan və Səudiyyə Ərəbistanı strateji müdafiə müqaviləsi imzalayıb. Bu müqaviləyə əsasən, hər iki dövlətə hücum hər ikisinə qarşı təcavüz hesab ediləcək. Pakistan müdafiə naziri Xavaca Asif İslamabadın Ər-Riyada nüvə müdafiəsi vermək istəyi ilə bağlı suala cavab olaraq bəyan edib ki, Pakistanın malik olduğu imkanlar mütləq müqavilə çərçivəsində mövcud olacaq.