BAKI, 12 fevral. TELEQRAF
Qazaxıstanın yeni Konstitusiyasının yekun mətni vətəndaşların nəzərdən keçirməsi üçün rəsmi qəzet “Kazakhstanskaya Pravda”da dərc edilib.
Teleqraf xəbər verir ki, yeni Konstitusiyanın qəbul olunacağı tarix milli bayram kimi qeyd olunacaq.
Sənəddə deyilir: “Ümumxalq referendumu ilə qəbul olunan Qazaxıstan Respublikasının Konstitusiyası 2026-cı il iyulun 1-də qüvvəyə minir və eyni zamanda əvvəllər qəbul edilmiş Qazaxıstan Respublikasının Konstitusiyasını ləğv edir. Ümumxalq referendumunda Konstitusiyanın qəbul edildiyi gün dövlət bayramı - Qazaxıstan Respublikasının Konstitusiya Günü elan olunur”.
Yeni Konstitusiya referendumla təsdiqlənərsə, hazırkı parlament iyulun 1-də fəaliyyətini dayandıracaq.
Konstitusiyanın mətnində vurğulanır ki, 30 avqust 1995-ci il tarixli Qazaxıstan Respublikası Konstitusiyasına uyğun olaraq formalaşdırılan Qazaxıstan Respublikası Parlamenti səlahiyyətlərini 1 iyul 2026-cı ildə dayandırır.
Referendum martın 15-də keçiriləcək. Ümumxalq səsverməsində bir sual qoyulacaq: “Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?”.