BAKI, 23 oktyabr. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib.

Teleqraf xəbər verir ki, media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, göstərilən xidmətlərlə və burada tətbiq olunan fizioterapevtik prosedurlarla yaxından tanış olublar.

Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Sərvər Abdullayev jurnalistlərə açıqlamasında vurğulayıb ki, agentliyin ümumilikdə ölkə üzrə 40-a yaxın sosial xidmət və reabilitasiya mərkəzi var.

"Bu mərkəzlərdə demək olar ki, bütün yaş kateqoriyalarından olan vətəndaşlarımıza müxtəlif xidmətlər göstəririk. Bu gün də tanış olduğumuz Bakı Reabilitasiya Mərkəzi də daxil olmaqla bütün reabilitasiya mərkəzlərimizdə qabaqcıl dünya təcrübəsi və müasir metodlardan istifadə olunmaqla əlilliyi olan şəxslərə xidmətlər göstərilir. Bu ilin ilk 9 ayında Agentliyin reabilitasiya mərkəzləri vasitəsilə əlilliyi olan 115 minə yaxın şəxsə müxtəlif reabilitasiya xidmətləri göstərilib. Mərkəzlərimiz vasitəsilə əlilliyi olan uşaqlara göstərilən xidmətlər də həyata keçirilir ki, bu xidmətlərin də xüsusi əhəmiyyəti var. Yanvar-sentyabr ayları ərzində 37 min nəfərdən çox əlilliyi olan uşağa xidmətlər göstərmişik.

Əilliyi olan şəxslərin həyatında reabilitasiya vasitələri ilə təminat da xüsusi əhəmiyyət daşıyır və bu onların gündəlik həyatının yaxşılaşdırılmasına və sosial inteqrasiyasına mühüm töhfə verir. Agentlik tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 11 min şəxsə 490 min reabilitasiya vasitəsi təqdim edilib. Bu, mütəmadi və davamlı xarakter daşıyır. Bu gün də media turda da tanış olduğunuz, gördüyünüz bizim qazilərimiz də, Vətən müharibəsi əlillərimiz də, eyni zamanda hərbi əlillərimiz də reabilitasiya ilə təmin edilirlər. Son iki ayda Agentlik tərəfindən 120-dən çox şəxs və postmüharibə dövründə 450-yə yaxın şəxsimiz tam reabilitasiya olunub", - o əlavə edib.

Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımova isə jurnalistlərə açıqlamasında bildirib ki, mərkəz əlilliyi olan şəxslər və onların ailə üzvlərinə xidmət göstərir.

"Burada sakinlər stasionar, ambulator, icma əsaslı, səyyar xidmətlərə, eləcə də hippoterapiya və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilirlər. Mərkəzdə xidmətlər stasionar, ambulator, səyyar, rehatransfer olaraq müxtəlif istiqamətlərdə aparılır.
Stasionar qaydada reabilitasiya kursu keçmələri üçün əlilliyi olan şəxslər qeydiyyatda olduqları ərazi üzrə Tibbi-sosial ekspert komissiyaları və ya DOST Mərkəzlərinə, ambulator və digər qaydada reabilitasiya xidmətlərindən yararlanmaq üçün isə birbaşa reabilitasiya müəssisələrinə müraciət edə bilərlər", - o vurğulayıb.

Qeyd edilib ki, hazırda Mərkəzdə 200-ə yaxın şəxsə müxtəlif xidmətlər göstərilir.