BAKI, 20 noyabr. TELEQRAF
Özbəkistanın paytaxtı Daşkənd şəhərinin meri Şavkat Umrzakov ABŞ-nin Nyu-York şəhərinin meri Erik Adamsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, söhbət zamanı tərəflər iri şəhərlərin inkişafının aktual məsələlərini müzakirə edib, şəhər və ictimai infrastruktur, nəqliyyat və kommunal xidmətlərin müasirləşdirilməsi sahəsində təcrübələrini bölüşüblər.
Merlər həmçinin Daşkənd və Nyu-York arasında əməkdaşlığın perspektiv istiqamətlərini nəzərdən keçiriblər.
Görüşün sonunda tərəflər Daşkənd və Nyu-York arasında inteqrasiya olunmuş şəhərsalma, mədəniyyət, innovasiya və iqtisadiyyat sahələrində uzunmüddətli əməkdaşlıq üçün əsas olacaq tərəfdaşlıq sazişi layihəsinin hazırlanmasına başlamaq barədə razılığa gəliblər.