BAKI, 17 sentyabr. TELEQRAF

“Süni intellektin inkişafı etikası üzrə dinlərarası komissiya yaratmaq lazımdır”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Dünya və Ənənəvi Dinlər Liderlərinin VIII Qurultayının plenar iclasında deyib.

“Süni intellektin inkişafında ölkələrin sürətli tərəqqisi üçün böyük imkanlar görürük. Bununla belə, başa düşürük ki, etik normalara riayət etmək son dərəcə vacibdir. Ona görə də bu sahədə hərtərəfli əməkdaşlığa açığıq. Mən süni intellektin inkişafı etikası üzrə dinlərarası komissiya yaratmağı təklif edirəm”, - Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan prezidentinin sözlərinə görə, bu komissiya neyron şəbəkələrdən və digər qabaqcıl texnologiyalardan məsuliyyətli istifadə üçün universal prinsiplər toplusunu işləyib hazırlayacaq.

“Söhbət alqoritmlər üçün konkret əmrlərdən gedir ki, bu da insan ləyaqətinə hörmət etmək, ayrı-seçkiliyin qarşısını almaq, taleyüklü xarakter daşıyan qərarlara nəzarəti həyata keçirmək deməkdir”.