BAKI, 25 aprel. TELEQRAF

Hindistan hakimiyyəti “Ləşkər-e-Tayibə” qruplaşması ilə Pakistan arasında əlaqəyə dair sübut təqdim etməyib. Dehli bölgədə sabitliyi pozmaq üçün son hücumdan istifadə edir.

Teleqraf xəbər verir ki, bunu Pakistan müdafiə naziri Xavaca Asif deyib.

“Onlar (Hindistan) heç vaxt Pakistanı nədəsə sadəcə ittiham etmək və öz maraqlarına uyğun vəziyyət yaratmaq üçün heç bir sübut təqdim etməyiblər. Bizim bununla heç bir əlaqəmiz yoxdur”, - nazir bildirib.

Asifin sözlərinə görə, “Ləşkər-e-Tayibə” Pakistan ərazisində fəaliyyət göstərmir, ABŞ və Hindistan kəşfiyyatı əlində heç bir sübut olmadan səhv nəticələr çıxarıb. Müdafiə naziri əlavə edib ki, Pakistan təhlükəsizlik orqanları regionda sabitliyi pozmaq üçün baş verənlərin əvvəlcədən səhnələşdirildiyini müəyyən edib.

Pakistanın müdafiə naziri Xavaca Asif vurğulayıb ki, Hindistanla artan gərginlik nüvə qarşıdurmasına çevrilə bilər.

Xatırladaq ki, aprelin 22-də silahlı şəxslər Paxalqam şəhərində qanlı akt törədiblər, nəticədə 25 Hindistan vətəndaşı və bir Nepal vətəndaşı həyatını itirib, çoxlu sayda yaralı var. Hindistan hücumun Pakistanda yerləşən “Ləşkər-e-Tayibə” tərəfindən həyata keçirildiyini iddia edib.