BAKI, 14 dekabr. TELEQRAF
“Uşaq Avroviziya 2025” mahnı müsabiqəsinin yekun nəticələrinə görə, Azərbaycanı yarışmada təmsil edən Yağmur Nəsrullayeva 15-ci yeri tutub.
Teleqraf xəbər verir ki, səsvermənin mərhələləri maraqlı və diqqətəlayiq məqamları üzə çıxarıb. Onlayn tamaşaçı səsverməsinə (televoting) görə Azərbaycan təmsilçisi 54 xal toplayaraq 8-ci yeri İspaniya ilə paylaşıb. Bu, ifanın canlılığı, pozitiv ruhu və uşaq auditoriyasına xitab edən üslubunun tamaşaçılar tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Eyni zamanda, peşəkar münsiflər heyətinin verdiyi xallar ilə tamaşaçı səsverməsi arasında müəyyən fərqlər müşahidə olunub. Münsiflər heyətindən Azərbaycan 12 xal qazanıb: Albaniya münsif heyətindən 2 xal, Malta münsif heyətindən 7 xal, Niderland münsif heyətindən isə 3 xal alınıb.
Səhnəni Yağmurla birlikdə paylaşan Əli Ocaqverdi, Melisa Soltanova və Nərgiz Nəsibova da parlaq çıxışları ilə tamaşaçıların rəğbətini qazanıblar. Xoreoqrafiya Emin Useynov tərəfindən hazırlanıb, səhnə quruluşu danimarkalı mütəxəssis Mads Enggaard-a, səhnə geyimləri isə dizayner Leyli Polayevaya məxsusdur.