
BAKI, 10 mart. TELEQRAF
Bu gün 10 Mart - Milli Teatr Günüdür.
Teleqraf xəbər verir ki, Azərbaycanda teatrın yaranmasından 152 il keçir.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.
Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.
Azərbaycan milli teatrı ötüb-keçən onilliklər zamanı mühüm inkişaf yolu keçmiş, onun məzmun və forma mündəricəsi zənginləşmiş, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı kimi qüdrətli qələm sahibləri, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi görkəmli səhnə ustalarını yetişdirmişdir.
Ömrünü bu müqəddəs peşəyə həsr etmiş bütün teatr xadimlərini ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.