BAKI, 30 iyun. TELEQRAF

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğum yolu ilə vətəndaşlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan fərmanını etibarsız sayıb.

Teleqraf xəbər verir ki, altı hakimdən beşi bu hüququn ABŞ Konstitusiyası ilə təmin olunduğunu bildirib.

Bir hakim isə rəyində bu şərhlə razılaşmadığını qeyd etsə də, fərmanın federal qanunvericiliyə zidd olduğu üçün qüvvədə qala bilməyəcəyini vurğulayıb.

Tramp doğum yolu ilə ABŞ vətəndaşlığının verilməsinin məhdudlaşdırılması barədə fərmanı 2025-ci il yanvarın 20-də, andiçmə mərasimindən sonra imzalayıb. Fərmana əsasən, dövlət qurumlarına valideynləri ABŞ-də qanunsuz yaşayan, eləcə də anası ölkəyə müvəqqəti əsaslarla, o cümlədən vizasız rejim, tələbə, iş və ya turist vizası ilə gəlmiş, atası isə ABŞ vətəndaşı və ya daimi yaşayış icazəsi olmayan ABŞ-də doğulan uşaqlara vətəndaşlıq verilməsindən imtina etmək tapşırılırdı.

Tramp fərmanı şərh edərkən bildirmişdi ki, doğum yerinə görə vətəndaşlıq norması vaxtilə kölələrin uşaqları və onların müdafiəsi üçün nəzərdə tutulmuşdu. O əlavə etmişdi: bu norma Çindən və ya digər ölkələrdən olan milyarderlər üçün deyil.

ABŞ-də doğum yolu ilə vətəndaşlıq hüququnu təsbit edən Konstitusiyaya 14-cü düzəliş Vətəndaş müharibəsi başa çatdıqdan sonra qəbul edilib. Bununla da afroamerikalıların vətəndaşlıq hüququnu inkar edən qərar ləğv olunub.