BAKI, 24 iyun. TELEQRAF

ABŞ Konqresində Demokratlar Partiyasını təmsil edən senatorlar üzərində Prezident Donald Trampın təsviri olan 250 dollarlıq əskinasın hazırlanmasına ayrılan vəsaitlərin araşdırılmasını tələb ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, demokrat senatorlar ABŞ Maliyyə Nazirliyinin Baş Müfəttiş İdarəsinə müraciət edərək "qanunsuz 250 dollarlıq əskinas" adlandırdıqları layihəyə çəkilən xərclərin araşdırılmasını istəyiblər.

Nəşr qeyd edir ki, ABŞ qanunvericiliyinə əsasən, pul nişanları və qiymətli kağızlar üzərində yalnız vəfat etmiş şəxslərin portreti yerləşdirilə bilər.

Demokrat senatorların məktubunda bildirilir ki, amerikalılar artan qiymətlərlə üzləşdiyi bir vaxtda Maliyyə Nazirliyi resurslarını iqtisadi problemlərin həllinə yönəltməli, prezidentin şəxsi nüfuzuna xidmət etdiyi iddia olunan layihələrə sərf etməməlidir.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent Konqres bu təşəbbüsü dəstəkləməyəcəyi təqdirdə administrasiyanın Trampın təsviri olan 250 dollarlıq əskinasın dövriyyəyə buraxılmasına çalışmayacağını bildirmişdi.