BAKI, 6 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp keçmiş Prezident Barak Obama və həyat yoldaşı Mişelin meymun kimi təsvir olunduğu videonu silib.
Teleqraf xəbər verir ki, video artıq "Truth Social" səhifəsində mövcud deyil.
***
20:45
Ağ Evin mətbuat katibi Kerolin Levitt ABŞ Prezidenti Donald Trampın keçmiş ABŞ Prezidenti Barak Obama və həyat yoldaşı Mişelin meymun təsvirində yaydığı videoya münasibət bildirib.
Teleqraf xəbər verir ki, Levitt deyib: "Bu, Prezident Trampı cəngəllik kralı, Demokratları isə "Aslan Kral" filmindəki personajlar kimi təsvir edən internet memindən bir parçadır".
O, videoya qarşı tənqidi "saxta qəzəb" adlandırıb.
Video "Aslan Kral" cizgi filmində yer alan "The Lion Sleeps Tonight" mahnısı ilə paylaşılıb.
17:03
ABŞ Prezidenti Donald Tramp sosial mediada keçmiş prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanın meymun obrazında təqdim olunduğu video paylaşdıqdan sonra demokratların kəskin tənqidinə məruz qalıb.
Teleqraf xəbər verir ki, təxminən bir dəqiqəlik video “Truth Social”da paylaşılıb.
Videoda 2020-ci ildə ABŞ-də prezident seçkilərində seçki saxtakarlığının baş verdiyi iddia olunur. Çarxın sonunda isə bir neçə kadrda Barak və Mişel Obama meymun obrazında göstərilir, fon musiqisi kimi “Kral Şir” cizgi filmində səslənən “The Lion Sleeps Tonight” mahnısı istifadə olunur.
Kaliforniya ştatının qubernatoru, demokrat Qevin Nyusomun mətbuat xidməti X sosial şəbəkəsində yaydığı açıqlamada bildirib:
“Prezidentin iyrənc hərəkəti. Hər bir respublikaçı bunu dərhal qınamalıdır”.
Obamanın keçmiş müşaviri Ben Rods da paylaşımı pisləyərək qeyd edib ki, gələcəkdə Obama ailəsi sevilən insanlar kimi xatırlanacaq, hazırkı ABŞ Prezidenti isə ölkə tarixində “ləkə” kimi qalacaq. O, həmçinin Ağ Evin hazırkı rəhbərinin tərəfdarlarını “irqçilər” adlandırıb.