BAKI, 25 noyabr. TELEQRAF

ABŞ “Günəş Karteli”ni (Cartel de los Soles) terror təşkilatı elan etməklə Venesuela ilə müharibəyə daha da yaxınlaşdı.

Teleqraf xəbər verir ki, bu fikir “The New York Times” qəzetinin redaksiya məqaləsində yer alıb.

“Heç kim bilmir ki, Venesuelanı bombalayacağıq, ya yox. Donald Trampın administrasiyasının “Günəş Karteli” ilə bağlı demoqogiyası çoxsaylı narahatedici siqnallardan yalnız biridir. ABŞ artıq bir neçə aydır narkotacir olduqları iddia edilən şəxsləri məhkəməsiz öldürür. Bu hücumlar “Amerikanın narkokartellərlə silahlı münaqişə vəziyyətində olması” iddiası ilə əsaslandırılır. İndi isə görünən budur ki, Tramp administrasiyası bu silahlı münaqişəni Venesuelaya qədər genişləndirməyə hazırdır”, - məqalədə deyilir.

NYT xatırladır ki, ABŞ artıq Venesuela sahillərində böyük dəniz qüvvəsi toplayıb. ABŞ Federal Mülki Aviasiya Administrasiyasının Karib hövzəsində artan hərbi fəallıq barədə xəbərdarlığından sonra aviaşirkətlər reysləri ləğv etməyə başlayıblar. Qəzet yazır ki, bu cür təzyiq Trampın komandasının ümid etdiyi kimi, Prezident Nikolas Maduronun qaçması və ya hərbi çevrilişə gətirib çıxarmalı idi, amma belə olmadı.

Məqalədə vurğulanır ki, “Günəş Karteli”nin terror təşkilatı elan edilməsi Maduro üçün real nəticələrə səbəb ola bilər, çünki ABŞ onu “əl-Qaidə” lideri Üsamə bin Ladenə qarşı tətbiq olunan metodla ovlamağa başlaya bilər.

Bundan əvvəl Venesuela hakimiyyəti ABŞ dövlət katibi Marko Rubionun Karakasın mövcud olmadığını bildirdiyi “Günəş Karteli”ni terror təşkilatı elan etməsini “absurd yalan” adlandırıb. Karakas bunu “ABŞ-nin ənənəvi rejim dəyişdirmə üsulu ilə qanunsuz və qeyri-legitim müdaxiləni əsaslandırmaq cəhdi” kimi qiymətləndirib. ABŞ isə iddia edir ki, bu qurum Venesuela ordusunun bəzi üzvləri ilə bağlıdır və kartel Maduronun rəhbərliyi altında fəaliyyət göstərir.

Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə effektli mübarizə aparmamaqda ittiham edir. Narkotrafiklə mübarizə çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə “Gerald R. Ford” təyyarədaşıyıcısı, nüvə sualtı gəmisi və 16 mindən çox hərbçi də daxil olmaqla zərbə dəniz qrupu yerləşdirib. Sentyabrdan bəri ABŞ bu bölgədə azı 20 sürətli kateri vurub, nəticədə 76 nəfər ölüb.