BAKI, 24 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yenidən ən yüksək vəzifəyə namizəd və üçüncü müddətə prezident olacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin keçmiş baş siyasi strateqi və müşaviri Stiven Bannon məlumat verib.

“O, üçüncü dəfə prezident olacaq. Tramp 2028-ci ildə növbəti seçkilərdə prezident seçiləcək, insanlar bunu qəbul etməlidirlər”, - Bannon “The Economist” jurnalına müsahibəsində deyib.

Jurnalistin 1951-ci ildən prezidenti iki müddətlə məhdudlaşdıran ABŞ Konstitusiyasına 22-ci Düzəlişlə bağlı açıqlamasına cavab olaraq keçmiş müşavir yenidən seçilmək üçün müxtəlif alternativlərin olduğunu və bu istiqamətdə konkret addımların uyğun zamanda elan ediləcəyini vurğulayıb.

“Trampın dövründə başladığımız işi sona çatdırmalıyıq. Tramp hərəkətverici qüvvədir”, - o əlavə edib.

2025-ci ilin mayında Tramp “NBC News”a verdiyi müsahibədə üçüncü dəfə ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək niyyətində olmadığını açıqlamışdı. O, iki müddət prezident olacağını qeyd edərək, həmişə bunun çox vacib olduğunu düşündüyünü vurğulamışdı. Amma KİV-in məlumatına görə, ABŞ prezidenti Ədliyyə Nazirliyinə onun 2028-ci il prezident seçkilərində potensial iştirakının qanuniliyini araşdırmağı tapşırıb.