BAKI, 25 aprel. TELEQRAF
“İpsos” Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ Prezidenti Donald Trampı dəstəkləyənlərin sayı 42 faizə qədər azalıb.
Teleqraf xəbər verir ki, bu, onun ABŞ prezidenti olduqdan sonra ən aşağı reytinqidir.
“Reuters” agentliyinin məlumatına görə, respondentlərin 53 faizi onun siyasətinə qarşıdır. Mart ayında eyni mərkəzin keçirdiyi sorğuya əsasən, Trampın reytinqi 45 faiz idi.
Agentlik Trampın reytinqinin aşağı düşməsinin müxtəlif səbəblərini qeyd edir: liberallara qarşı qeyri-dost münasibəti, universitetlərə sərt yanaşması və sair. Bundan əlavə, respondentlərin bəziləri hesab edir ki, Vaşinqton beynəlxalq aləmdə nüfuzunu itirməyə başlayıb.
Sorğuda iştirak edənlərin üçdə biri müddəti bitdikdən sonra Trampı yenidən Ağ Evdə görmək istəmədiyini bildirib. Həmçinin qeyd olunur ki, amerikalılar xüsusilə iqtisadi vəziyyətin pisləşməsindən narazıdırlar.
ABŞ prezidentinin yeni tarif siyasətindən narazılıq edənlər də var.