
BAKI, 8 mart. TELEQRAF
ABŞ Dövlət Katibi Marko Rubio və Nəqliyyat Katibi Şon Daffi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla mübahisə edib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Nəşrin məlumatına görə, Rubio və Daffi hökumətin iclasında amerikalı biznesmeni yalan danışmaqda ittiham ediblər. Mask da öz növbədində rəsmiləri tənqid edib. O, Dövlət katibi Rubionu tabeliyində olan heç kəsi işdən çıxarmamaqda ittiham edib. Sahibkarın sözlərinə görə, yeganə işdən çıxarılan şəxs DOGE əməkdaşı olub.
Mübahisə zamanı ABŞ Prezidenti Donald Tramp işə qarışaraq Rubionu müdafiə edib. Mask həmçinin nəqliyyat katibi Daffiyə Federal Aviasiya Administrasiyasının avadanlıqlarının vəziyyəti ilə bağlı məsləhətlər verib. Ticarət naziri Hovard Lutnik iş adamını dəstəkləyib.