BAKI, 11 aprel. TELEQRAF

İsmayıl Ömər Qelle Cibuti prezident seçkilərində səslərin 97,81 faizini toplayaraq altıncı müddətə yenidən seçilib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Qellenin əsas rəqibi, müxalifət namizədi Məhəmməd Fərəh Samatar səslərin 2,19 faizini toplayıb. Seçici fəallığı 80,33 faiz təşkil edib.

Yerli medianın məlumatına görə, səsvermə sakit atmosferdə keçib, ciddi insident qeydə alınmayıb.

Hakim “Tərəqqi Naminə Xalq Birliyi” Partiyası tərəfindən namizədliyi irəli sürülən Qelle 1999-cu ildən bəri hakimiyyətdədir.

Cəmi 1 milyon əhalisi olan Cibuti Afrikanın ən kiçik ölkələrindən biridir, amma strateji əhəmiyyətə malikdir, Bab əl-Məndəb boğazına çıxışı var, ABŞ, Fransa və Çin hərbi bazalarının yerləşdiyi limana malikdir.