BAKI, 11 fevral. TELEQRAF

Keniya xarici işlər nazirinin müavini Korir Sinq Oey rəsmi Moskvanı Keniya vətəndaşlarını Rusiya-Ukrayna müharibəsinə cəlb etməkdə və onları “top yemi” kimi cəbhəyə göndərməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, o, Rusiya hakimiyyətini buna son qoymağa çağırıb.

“Bu insanlar cəbhə xəttində top yemi kimi istifadə olunur”, - keniyalı diplomat vurğulayıb.

Keniya xarici işlər naziri Musaliya Mudavadi buna son qoymaq üçün gələn ay Moskvaya səfər etməyi planlaşdırır.

Afrika ölkəsinin baş diplomatı Ukrayna tərəfindən əsir götürülmüş keniyalıların geri qaytarılması üçün səy göstərmək niyyətindədir.

Məlumata görə, son iki ay ərzində Rusiyadan 30-dan çox keniyalı təxliyə edilib. Şərqi Afrika ölkəsindəki işə qəbul agentlikləri bağlanıb.