BAKI, 27 noyabr. TELEQRAF
Estoniyanın Azərbaycanda səfirlik açması münasibətlərdə yeni mərhələnin başlanğıcıdır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Bakıda səfirliyinin açılış mərasimində bildirib.
Ceyhun Bayramov Estoniya hökumətinə bu qərara görə təşəkkür edib, ölkənin xarici işlər naziri Marqus Tsaxnaya dəstəyinə görə minnətdarlığını bildirib.
O, həmçinin Estoniyanın Azərbaycandakı ilk rezident səfiri Tiina Nirke təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb:
“Bugünkü hadisə yalnız diplomatik nümayəndəliyin açılışı deyil, həm də iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində güclü iradənin ifadəsidir”.
Nazir vurğulayıb ki, Bakı və Tallin arasında siyasi dialoq, əlaqələr və müxtəlif sahələrdə birgə layihələr qarşıdakı dövrdə daha da inkişaf edəcək.
Ceyhun Bayramov Azərbaycan-Estoniya münasibətlərində yeni mərhələnin hər iki ölkə və xalq üçün müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.