BAKI, 28 oktyabr. TELEQRAF
BMT-nin BMT-nin Qadınlar üzrə Agentliyinə və Heydər Əliyev Fonduna qadınların və qızların imkanlarının genişləndirilməsinə verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində “Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib.
"Qadınlar hansı vəzifədə çalışmasından asılı olmayaraq, onun öhdəsindən layiqincə gələ bilər. Bu gün dünyamız geosiyasi və iqtisadi baxımdan çətin bir dövrdən keçir. Qadınlar və qızlar bu prosesin vacib aktorlarıdır. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Bakı Prosesi mədəniyyətlərarası dialoqun və sülhün konkret fəaliyyətə çevrilməsi baxımından mühüm platformadır. Bugünkü sessiya qadınların imkanlarının genişləndirilməsi üçün ciddi imkanlar yaradır", - deyə Bahar Muradova əlavə edib.
Bahar Muradovanın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə qayıdan ailələrin sosial və iqtisadi proseslərə cəlb olunması vacibdir: "Bu istiqamətdə əhalinin təhsili, daimi məşğulluğunun təmin edilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və reabilitasiya proqramlarının həyata keçirilməsi mühüm rol oynayır.
Bu tədbirlər yeni icmaların formalaşmasına, onların inkişafına və müasir inkişaf modelinə inteqrasiyasına töhfə verir. Bu sahədə yeni yanaşmalar və yeni qüvvələrlə prosesə qoşulanların fəaliyyəti qısa müddətdə müsbət nəticələrin əldə olunmasına imkan yaradır".