BAKI, 21 oktyabr. TELEQRAF
“Suriya xalqı 2024-cü il dekabrın 8-də illərlə danışılacaq, nəsildən-nəslə, ürəkdən-ürəyə ötürüləcək möhtəşəm bir qələbəyə imza atdı. On üç il yarım davam edən zülmdən sonra Suriyada sülhün, əmin-amanlığın və sabitliyin yenidən bərqərar olmağa başladığını görürük”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Suriya xalqı Prezident Əhməd Şaraanın qətiyyətli rəhbərliyi altında birlik və həmrəylik içində ortaq gələcəyini qurur:
“Şimaldakı (SDQ/YPG-nin Suriya ordusuna) inteqrasiya prosesinin tamamlanması ilə Suriyada tamamilə yeni səhifənin açılacağına inanırıq. Türkiyə olaraq biz də ehtiyac duyulan hər mərhələdə Suriyanın yanında olmağa davam edir, Suriya xalqının rifahı və əmin-amanlığı naminə üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışırıq.
Bununla yanaşı, Suriyada xüsusilə zalımlar və qatillər üçün ibrət olmalı mühüm hadisələr də baş verir. Məzlumların ahı yerdə qalmır, gec də olsa, öz qarşılığını tapır. Uşaqları öldürməkdən zövq alan canilər (Bəşər Əsəd rejiminin nümayəndələri – red.) hara qaçır-qaçsınlar, gizləndikləri yuvalarda müəyyən edilərək bir-bir zərərsizləşdirilir. Əllərində silah, qarşılarında müxtəlif cır-cındır parçaları tutaraq Türkiyəni təhdid edənlər, Baniasda 248 günahsız insanın, Reyhanlıda isə 53 vətəndaşımızın qanını tökənlər, suriyalı körpələrin cənazələri üzərində qəhrəmanlıq pozaları verən alçaqlar üçün də hesab vaxtı gəlib çatıb.
Qardaşlarım, şübhəniz olmasın ki, digərləri üçün də hesab vaxtı gələcək. Gec də olsa, yüz minlərlə məzlum suriyalının həyatı bahasına başa gəlsə belə, ədalətin yerini tapacaq olmasından böyük məmnunluq duyuruq”.