BAKI, 22 oktyabr. TELEQRAF

Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda ABŞ-İran müharibəsini, Hörmüz boğazındakı vəziyyəti və digər regional münaqişələri müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbəsi “Reuters” agentliyinə bildirib.

Türkiyə xarici işlər naziri Hakan Fidan Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Almaniyadan olan həmkarlarını qəbul edəcək. Bu, sözügedən yeddi ölkənin bu formatda keçirəcəyi ilk görüş olacaq.

Mənbənin sözlərinə görə, Hakan Fidan görüşdə ABŞ ilə İran arasında müharibənin diplomatik yollarla həllinə, Hörmüz və Bab əl-Məndəb boğazlarında naviqasiya azadlığının qorunmasına çağıracaq.

Məlumata görə, Türkiyənin İranın dəstəklədiyi “Ənsarallah” Hərəkatının (husilər) hücumları qarşısında Səudiyyə Ərəbistanının təhlükəsizliyinə dəstəyi, Yəməndəki vəziyyət, İsrail-Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində səylər də görüşün gündəliyinə daxildir.