BAKI, 23 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir neçə partlayış qeydə alınıb. Hadisə ilə əlaqədar yerli sakinlərə mobil tətbiqlər vasitəsilə təhlükə barədə xəbərdarlıqlar göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanının Nəcran şəhərində də həyəcan siqnalı elan edilib.
Bundan əvvəl “Reuters” agentliyi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya istinadən Yəmən husilərinin Ər-Riyadda istiqamətində buraxdığı ballistik raketin qarşısının alındığını və raketin məhv edildiyini bildirmişdi.
Oktyabrın 22-də Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri Ər-Riyadda Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endirdiklərini açıqlayıblar. Onlar, həmçinin ölkənin qərbində yerləşən Yanbu şəhərində Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin infrastrukturunu hədəf aldıqlarını bildiriblər.