BAKI, 21 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Liviya Nümayəndələr Palatasının iki ölkə arasında Aralıq dənizində dəniz yurisdiksiyası zonalarının delimitasiyasına dair Anlaşma Memorandumunu təsdiqləməsini alqışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında danışıb.

“Dünən Liviyadan çox yaxşı xəbər aldıq. Nümayəndələr Palatası Türkiyə ilə Liviya arasında imzalanmış dəniz sərhədlərinin delimitasiyasına dair Anlaşma Memorandumunu yekdilliklə təsdiqləyib. Xeyirli olsun”, - Ərdoğan bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi də memorandumun ratifikasiyasını alqışlayaraq sənədin beynəlxalq hüquq əsasında hər iki ölkənin qarşılıqlı maraqlarını qoruduğunu və onlar arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini qeyd edib.

Liviyanın memorandumu təsdiqləməsi Yunanıstanın mənfi reaksiyasına səbəb olub. Afinada bildirilib ki, sənəd hüquqi qüvvəyə malik deyil, beynəlxalq dəniz hüququna ziddir və region dövlətlərinin suveren hüquqlarını pozur.

Türkiyə ilə Liviya arasında Aralıq dənizində dəniz yurisdiksiyası zonalarının delimitasiyasına dair Anlaşma Memorandumu 27 noyabr 2019-cu ildə İstanbulda imzalanıb. Sənədlə iki ölkənin kontinental şelfinin və müstəsna iqtisadi zonalarının sərhədləri müəyyən edilib.