BAKI, 23 oktyabr. TELEQRAF

Amerikalı milyarder İlon Mask ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının qələbəsinə dəstək məqsədilə 445 milyon dollardan çox ianə edib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu ianələr Maskı hazırkı seçki dövrünün ən böyük siyasi donoru edib. O, Demokratlar Partiyasının əsas maliyyə dəstəkçilərindən olan milyarder Corc Sorosu da geridə qoyub.

“Bloomberg” qeyd edir ki, seçkilərin nəticələri Maskın fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Demokratlar Nümayəndələr Palatasında nəzarəti ələ keçirərsə, ABŞ hökumətinin səmərəliliyinin artırılması üzrə quruma (DOGE) rəhbərlik etdiyi dövrdə Maskın fəaliyyəti qanunvericilərin diqqət mərkəzinə düşə bilər.

Bundan əlavə, Maskın rəhbərlik etdiyi “SpaceX”, “Tesla” və “Neuralink” şirkətlərinin fəaliyyəti federal tənzimləyici qurumların siyasətindən əhəmiyyətli dərəcədə asılıdır.

ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın təxminən üçdə biri, Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 36 ştat və ərazinin qubernatorları seçiləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.