BAKI, 7 oktyabr. TELEQRAF

“İran ordusu mütəmadi olaraq regionda qabaqlayıcı zərbələrə məruz qala biləcək potensial düşmən hədəflər siyahısına düzəlişlər və dəqiqləşdirmələr edir”.

Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen”ə İran Silahlı Qüvvələrindən bildirilib.

“İran ordusu düşmən hədəflərlə bağlı məlumat bazasını daim yeniləyir və artıq regionda İran qüvvələri tərəfindən hücuma məruz qala biləcək hərbi bazalar da daxil olmaqla, çoxsaylı obyektləri müəyyən edib”, - ordunun nümayəndəsi deyib.

O əlavə edib ki, İran zərurət yaranarsa, düşmənin istənilən təcavüz və ya hücumdan çəkindirilməsi məqsədilə qabaqlayıcı əməliyyatlar həyata keçirəcək.

İslam ordusunun nümayəndəsi xəbərdarlıq edib ki, ölkəyə yeni hücumlar baş verəcəyi təqdirdə, silahlı qüvvələr əvvəlkilərdən daha güclü, daha genişmiqyaslı və daha sürətli cavab zərbəsi endirəcək. O əlavə edib ki, ABŞ-nin İran ərazisinə, Hörmüz boğazında yerləşən adalara mümkün quru müdaxiləsi halında, dağıdıcı cavab veriləcək.