BAKI, 5 oktyabr. TELEQRAF
Yəmən Prezidenti Rəşad əl-Əlimi qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) nəzarətindəki bütün ərazilərdə dövlət suverenliyini bərpa etmək məqsədilə genişmiqyaslı əməliyyatın başladığını elan etdikdən sonra Silahlı Qüvvələr bir neçə saat ərzində 1000-dən çox əməliyyat keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü Məcid əl-Nəzili məlumat verib.
O bildirib ki, ordu husilərin artilleriya mövqelərinə və reaktiv yaylım atəşi sistemlərinə, müdafiə istehkamlarına, yollara, təchizat xətlərinə və vasitələrinə, döyüş üçün göndərilən əlavə qüvvə və canlı qüvvələrinin toplanma nöqtələrinə, idarəetmə strukturlarına, komandanlıq və nəzarət mərkəzlərinə 1122 dəqiq zərbə endirib.
Əməliyyatlar Səada, Əl-Cövf, Taiz və sahilyanı ərazilərdə həyata keçirilib.
Əl-Nəzilinin verdiyi məlumata əsasən, zərbələr nəticəsində “Ənsarallah”ın 1747 üzvü öldürülüb, 364 ədəd texnika və avadanlıq, eləcə də hərbi nəqliyyat və təchizat vasitələri məhv edilib. O əlavə edib ki, ordu bütün ərazilərdə dövlət suverenliyinin bərpası əməliyyatlarını davam etdirəcək.
Yəmən Prezidenti dünən husilərin nəzarətindəki əraziləri geri qaytarmaq məqsədilə hərbi əməliyyatın başladıldığını açıqlayıb. Əməliyyatlar husilərin Yəmən qüvvələrinə qarşı hücumlarını gücləndirməsindən və Qırmızı dənizin sahillərinə, eləcə də gəmilər və neft tankerlərinin hərəkəti üçün həyati əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazına doğru irəliləməsindən sonra başlayıb.