BAKI, 18 sentyabr. TELEQRAF

Yəmən Silahlı Qüvvələri üsyançı “Ənsarallah” Hərəkatının (husilər) Kəhbubda genişmiqyaslı hücumu dəf edib.

Teleqraf xəbər verir ki, hücum zamanı Yəmən ordusu husilərlə üç saatdan çox davam edən şiddətli döyüşlər aparıb.

Husi qruplaşmasının eskalasiyasına cavab olaraq hökumət qüvvələri Vəziə rayonunun Zərifə bölgəsində hərəkat üzvlərinin toplaşdığı mövqelərə hava zərbəsi endirib.

Yəmən Silahlı Qüvvələri Kəhbub, Bab əl-Məndəb və ölkənin qərb sahillərində husilərin texnikaları, canlı qüvvəsi və mövqelərinin məhv edilməsini əks etdirən videogörüntü yayıb.

Münaqişənin şiddətləndiyi vaxtda İtaliya gəmilərinin Bab əl-Məndəb boğazından təhlükəsiz keçidini təmin etmək üçün Yəmən sahillərində hərbi gəmilər yerləşdirmək niyyətində olduğunu açıqlayıb. Ölkənin Müdafiə Nazirliyi bildirib ki, Avropa İttifaqının birgə qərarını gözləmək niyyətində deyil və gəmilərin keçidini qorumaq üçün lazımi imkanlara malikdir.

Nazirlik xəbərdarlıq edib ki, bu su yolunda keçidin mümkün olmaması ciddi iqtisadi nəticələrə səbəb ola bilər.

Buu ay Qırmızı dənizdə dəniz nəqliyyatı ilə bağlı narahatlıqlar artıb. Buna səbəb İranla müttəfiq olan husilərin hücumlarını genişləndirməsi və baş verənlərin Bab əl-Məndəb boğazında gəmilər üçün təhlükə yaratmasıdır.