BAKI, 30 oktyabr. TELEQRAF

Ukrayna Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavoduna və Bryansk vilayətində ordunu konservləşdirilmiş və quru ərzaq payları ilə təmin edən “Konservsujprod” müəssisəsinə dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.

Samara vilayətinə dron hücumu barədə regionun qubernatoru Vyaçeslav Fedorışev məlumat verib.

Ukrayna dronlarının hədəfi “Rosneft” şirkətinə məxsus Novokuybışevsk neft emalı zavodu olub. Zavodun illik istehsal gücü 8,3 milyon ton təşkil edir və burada 20-dən çox növ məhsul istehsal olunur.

Neft emalı zavodu daha əvvəl də dəfələrlə PUA hücumlarına məruz qalıb. Sonuncu belə hücum avqustun 22-də baş verib.

Bryansk vilayətinin Starodub şəhəri də dron hücumuna məruz qalıb. Hücum zamanı “Konservsujprod” müəssisəsi hədəfə alınıb. Müəssisə Rusiya güc strukturları və Silahlı Qüvvələri üçün konservləşdirilmiş ərzaqların və fərdi qida rasionlarının tarixi istehsalçısı və təchizatçısıdır. Şirkət həmçinin “Rusiya Ordusu” brendinin hüquqlarına sahibdir.

“The Wall Street Journal” bundan əvvəl Ukraynanın ABŞ Prezidenti Donald Trampın təzyiqləri fonunda Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırdığı barədə məlumat yaymışdı.