BAKI, 30 oktyabr. TELEQRAF

Azərbaycan Kubokunun 2026/2027 mövsümündə daha bir məhsuldarlıq rekordu qeydə alınıb.

Teleqraf Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, II təsnifat mərhələsinin 12 matçında 71 qol vurulub.

Bu, indiki formatda keçirildiyi dövr üçün bu mərhələnin ən yüksək göstəricisidir.

2023/2024 mövsümündə 41 (11 oyun), 2024/2025 mövsümündə 55 (11 oyun), 2025/2026 mövsümündə 49 qol (12 oyun) qeydə alınmışdı. Cari mövsümdə bu mərhələnin orta məhsuldarlığı 5,92-yə bərabər olub.

Ölkə kubokunun 34 illik tarixində orta göstəricidə ən məhsuldar raund olan I təsnifat mərhələsinin 6 oyununda 36 qolun vurulduğunu nəzərə alsaq, mövsümdəki qol sayı 100-ü keçib. Baş tutan 18 görüşdə 107 qol vurulub. Orta məhsuldarlıq 5,77-yə bərabərdir.

Bu, indiki formatda keçirilən turnirin təsnifat mərhələləri üçün rekorddur. 1/8 finala qədər keçirilən 18 oyunda 2023/2024 mövsümündə 58, 2024/2025 mövsümündə 80, 2025/2026 mövsümündə 72 qol qeydə alınmışdı.

Qeyd edək ki, II təsnifat mərhələsində "Şimal" – "Araz-Naxçıvan" (0:6), "Marafon" – "Zaqatala" (1:0), "İmişli" – "Qaradağ Lökbatan" (4:1), "Kür-Araz" – "Sumqayıt" (0:11), "Qəbələ" – "Mingəçevir" (3:0), MOİK – "Şahdağ Qusar" (1:9), "Xankəndi" – "Gəncəbasar" (2:3), "Hypers" – "Şamaxı" (1:5), "Şəfa" – "Ağstafa Gəncləri" (9:2), "Zəngəzur" – "Karvan-Yevlax" (1:4), "Səbail" – "Zirə" (2:2, p.2:3), "Kəpəz" – "Baku Sportinq" (3:1) matçları keçirilib.