BAKI, 9 sentyabr. TELEQRAF

Tehranın artan iqtisadi təzyiq fonunda Vaşinqtona qarşı ritorikasını sərtləşdirməsi İranın ABŞ ilə münaqişəni daha da genişləndirməyə hazır olduğunu göstərir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

“Ölkə rəhbərliyi İrana qarşı artan iqtisadi təzyiq və Hörmüz boğazına nəzarəti itirmək təhlükəsi fonunda daha aqressiv addımlara əl atır. ABŞ-nin tətbiq etdiyi blokada İranı əsas gəlir mənbəyi olan neft ixracı imkanından demək olar, məhrum edib”, - nəşr yazıb.

Mənbə hesab edir ki, İran rəhbərliyi münaqişənin eskalasiyasını ABŞ-yə təsir göstərmək üçün əlində qalan azsaylı vasitələrdən biri kimi nəzərdən keçirə bilər.

Regionda gərginlik yenidən artır. Son saatlarda İran ABŞ-nin İordaniyadakı bazasına və Hörmüz boğazında gəmilərə zərbələr endirib, ABŞ isə Tehranın neft tankerlərini məhv etdiyini açıqlayıb.

Hörmüz boğazından gəmi keçidi kəskin azalıb, bu da İrana qarşı iqtisadi təzyiqi və qlobal enerji bazarında riskləri artırır.