BAKI, 25 avqust. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-nin Suriyanı “Terrorizmə Sponsorluq Edən Ölkələr” siyahısından çıxarmaq qərarı ilə bağlı rəsmi açıqlama yayıb.

Teleqraf xəbər verir ki, nazirlik Türkiyənin uzun müddətdir dəstəklədiyi bu diplomatik addımı məmnuniyyətlə qarşıladığını bildirib.

Prosesə dəstək verən ABŞ Konqresinin və Vaşinqtonun konstruktiv mövqeyinin təqdir edildiyi açıqlamada Suriya hökuməti və xalqının nümayiş etdirdiyi qətiyyət də alqışlanıb. XİN bu qərarın Suriyanın gələcəyi baxımından kritik əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu mühüm addımla Suriyanın iqtisadi baxımdan bərpası və yenidən qurulması qarşısındakı ən böyük maneələrdən biri aradan qaldırılıb”.

Qurum bu addımın Suriyanın beynəlxalq ictimaiyyətlə qırılmış əlaqələrinin yenidən gücləndirilməsinə böyük töhfə verəcəyini vurğulayıb. Suriyada davamlı təhlükəsizlik və sabitliyin təmin olunmasına yönəlmiş səylərin sürətlənəcəyi də qeyd olunub.

Türkiyə Xarici İşlər Nazirliyi həmçinin beynəlxalq aktorlara çağırış da edib: “Bu mərhələdə beynəlxalq ictimaiyyət də çiçəklənən Suriya məqsədi naminə səylərini birləşdirməli və bu baxışı təhlükə altına atan təcavüzkar fəaliyyətlərin dayandırılması üçün üzərinə düşən məsuliyyətləri yerinə yetirməlidir”.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bundan əvvəl Prezident Donald Trampın yeni Suriya siyasətinə uyğun olaraq, bu ölkənin “terrorizmə dəstək verən ölkələr” siyahısından rəsmi şəkildə çıxarıldığını açıqlayıb. Açıqlamada “Heyət Təhrir əş-Şam” Hərəkatının da “Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu Təşkilat” statusundan çıxarıldığı da vurğulanıb.