BAKI, 6 avqust. TELEQRAF

Təl-Əviv Prokurorluğu Aşkelon şəhərinin iki sakini barəsində İranın kəşfiyyat orqanlarının xeyrinə casusluq ittihamı irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, həmin şəxslər 2026-cı ilin iyul ayında İsrail polisi və daxili təhlükəsizlik xidməti Şin-Betin birgə əməliyyatı zamanı saxlanılıblar.

Təqsirləndirilən şəxslərdən biri son bir neçə ay ərzində İran kəşfiyyatının əməkdaşı ilə əlaqədə olub və bir neçə min şekel, həmçinin kriptovalyuta şəklində ödəniş müqabilində Eylat limanı, bir muzey və Herzl dağı qəbiristanlığı da daxil olmaqla müxtəlif məkanların fotoşəkillərini çəkib. Qeyd edilib ki, həmin şəxs İran kəşfiyyatının əməkdaşının göstərişi ilə fotoşəkil çəkmək tapşırıqlarını yerinə yetirmək üçün müasir mobil telefon da alıb.

İsrail polisi və Şin-Bet birgə bəyanatda bildirib ki, İranın kəşfiyyat orqanları sosial şəbəkələr və iş təklifləri vasitəsilə İsrail vətəndaşlarını təhlükəsizlik və casusluq xarakterli tapşırıqları yerinə yetirmək üçün cəlb etməyə çalışırlar.